Koderlə Software Engineer Arasındakı Fərq

Bu yazıda metofarik izahlarla peşəkar təcrübələrə əsaslandırılmış şəkildə “koder” və “software engineer” anlayışlarını analiz edəcəyik. Sonda isə heç bir tövsiyə verməyəcik. Çünki insan analiz etməli və özünə uyğun olanı seçə bilməlidir.
İnformasiya texnologiyaları dünyası getdikcə daha da mürəkkəbləşir, yeni anlayışlar və rollar yaranır. Bu sahəyə yeni daxil olanların ən çox çaşqınlıq yaşadığı anlayışlardan biri də “koder” və “software engineer” terminləridir. Səthi baxışla hər ikisi kompüter qarşısında oturub kod yazan insan kimi görünə bilər. Lakin əslində bu iki rolun mahiyyəti, məsuliyyətləri və düşüncə tərzi tamamilə fərqlidir.Bu fərqi tikinti sektoru ilə izah etsək, koder bənnadır, software engineer isə layihənin çertyojunu çəkən mühəndisdir.
- Bənnaya “bu divarı belə hör” deyilir – və o hörür. Divarın necə dizayn olunacağı, fəsadlara dözümlü olub-olmayacağı onu maraqlandırmır.
- Mühəndis isə binanın hər bir detaldan xəbərdardır: hansı divar daşıyıcıdır, hansı yük götürəcək, fəsad zamanı nə baş verəcək – və bütün bu biliklə qərar verir.
Kod da belədir. Sadəcə işləməsi kifayət deyil. Əsas odur ki, düzgün, təhlükəsiz və genişlənə bilən şəkildə yazılsın.Koder, texnologiya sahəsinin fəhləsidir. İşinə məsuliyyətlə yanaşan bir icraçıdır, lakin adətən sistemi qurmur – o, sistemin kiçik parçalarını işlək vəziyyətə gətirir.
Texnologiya sahəsində dəyər yalnız kompleks sistemlər quranlardan ibarət deyil. Hər bir möhkəm məhsulun arxasında səssiz, amma məsuliyyətlə işləyən icraçılar da dayanır. Cəmiyyət üçün həm plan quran mühəndislərə, həm də bu planı həyata keçirən, işini sevən koderlərə ehtiyac var.
Bugünkü dünyada “kod yazmaq” artıq kifayət etmir kimi cümlələr qurmayacam. Cəmiyyətə mühəndislərlə, işini sevən fəhlələr də lazımdır. Və bu peşədən də pul qazanmaq mümkündür.